Azərbaycanda İdman Balıqçılığı yeni bir addım astanasında

“BAKI Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyi yeni dönəm astanasındadır. Bu mərhələyə başlamazdan əvvəl, ötən illər ərzindəki fəaliyyətimizlə bağlı qısa hesabatı diqqətinizə çatdırmaq istəyirik.

“BAKI Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyi (BBK) 29 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində (qeydiyyat nömrəsi: 1111-Q37-2991) İctimai Birlik kimi qeydiyyatdan keçmişdir. Birliyin əsas məqsədi Azərbaycanda aktiv su idman növlərini, xüsusilə balıqçılıq və sualtı ovçuluğu inkişaf etdirmək, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək, ekologiyamızın daimi keşiyində durmaq və su hövzələrində balıq resurslarının artırılmasında fəal iştirak etməkdir.

Klubumuz balıqçılıq sahəsi üzrə aktiv fəaliyyətə 2022-ci ildə başlamışdır. Bu günə qədər üç Balıqçılar Qurultayı, dörd Beynəlxalq Balıqçılıq (Surfkastinq) Turniri, Sərbəst Balıqçılıq Turniri, Azərbaycan Sazan Balıqçılığı Turniri, Uşaqlar arasında Balıqçılıq Turniri və Azərbaycan Surfkastinq Çempionatı təşkil edilmişdir. Bundan əlavə, BBK idmançıları Azərbaycanı Türkiyə, İtaliya, Polşa, Yunanıstan, Mərakeş, Tunis və Şimali Kipr Türk Respublikasında uğurla təmsil etmiş, müxtəlif nailiyyətlər qazanaraq bayrağımızı dalğalandırmış və himnimizi səsləndirmişlər.

Klubun təşkilatçılığı ilə Azərbaycan Balıqçılar Akademiyası (ABA) yaradılmış və bu akademiyanın nəzdində "DELFİN" balıqçı mağazası ilə birlikdə müxtəlif seminarlar keçirilmişdir.

Eyni zamanda, Klubun təşəbbüsü ilə qış aylarında Xızı-Xaçmaz bölgəsində vəhşi təbiətdəki heyvanların yem bazasını zənginləşdirmək üçün yemləmə tədbirləri təşkil edilmişdir. Su hövzələrində populyasiyanı artırmaq məqsədilə xırda balıqlar sulara buraxılmış, sahilboyu ərazilərdə ekoloji təmizlik aksiyaları keçirilmiş və qanunsuz balıq ovunun qarşısını almaq üçün mühüm addımlar atılmışdır.

Beynəlxalq təşkilat olan İnternational Surfcasting Friendship Cup (İSFC) birliyinə Türkiyə, İtaliya, Tunis, Yunanıstan, Kipr, Şimali İrlandiya, Polşa ilə yanaşı həqiqi təşkilatçı üzv seçilmişik.

2022-ci ilin dekabr ayında Azərbaycan QHT-ləri ilə birlikdə Qarabağ İqtisadi Zonasında faydalı qazıntıların qanunsuz talanmasına qarşı Xankəndi-Laçın yolunda keçirilən dinc etiraz aksiyasına qatılmışıq.

2023-cü ilin 1 may – 1 iyul tarixlərində həvəskar və idman balıqçılığına tətbiq edilmiş moratoriuma qarşı ilk etiraz edənlərdən biri məhz bizim Klub olmuşdur. Biz bu qadağanın vaxtının daha erkən dövrlərə – balıqların real kürü tökmə zamanına uyğunlaşdırılması təşəbbüsü ilə çıxış etmişik.

Klub olaraq daim çalışmışıq ki, Azərbaycanda mədəni, həvəskar və idman balıqçılığını təbliğ edək, gənclərimizi bu sahəyə cəlb edək. Çünki bilirik ki, balıqçılar arasında pis vərdişli insanlar olmur.

Bu il Azərbaycanda İdman Balıqçılığı yeni bir addım atacaq, özü də çox böyük bir Addım!