
"BAKI" Balıqçılar Klubunun illərlə idman və həvəskar balıqçılıq sahəsində gördüyü işlərin nəticəsi olaraq, rəsmi olaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində keçirilən kollegiya iclasında Balıqçılıq idman növü kimi tanındı.
Mayın 22-də Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. Nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən iclasda gündəliyə əsasən bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İclasda 2025-ci ilin “İdman səfirləri”nin hesabatı dinlənilib və qəbul edilib. Həmçinin ölkə ərazisində yayılan idman növləri və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi, federasiyaların fəaliyyət istiqamətlərinə yeni idman növləri və fənlərinin əlavə edilməsi məsələlərinə baxılıb. Kollegiyanın qərarına əsasən, Azərbaycan Su İdmanı Növləri Federasiyasının fəaliyyət istiqamətinə balıqçılıq idman növü də əlavə edilib və bu idman növü ölkə ərazisində yayılan idman növü kimi tanınıb.