01-02 İyul 2023-cü il tarixində Abşeron, Zirə, Qızıl Qum çimərliyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olinmuş "Odlar Yurdu" 1-ci Surfkastinq balıq tutma növü üzrə Beynəlxalq Turnir keçiriləcək.
1.Turnirin keçirilməsinin məqsəd və vəzifələri:
Surfkastinq üsulu ilə balıq ovlama idman növünün Azərbaycan Respublikası ərazisində populyarlaşması, insanların pis vərdişlərdən uzaq olması və məqsədyönlü inkişaf etdirilməsi.
Gəncləri Surfkastinq üsulu ilə balıq ovlama ilə məşğul olmağa cəlb etmək.
İdmançıların fiziki və texniki hazırlıqlarının artırılması.
2. Turnirin təşkili və keçirilməsinə rəhbərlik:
- Turnir 01-02 İyul 2023-cü il tarixində Zirə çimərliyində "Bakı Sualtı Ovçular Klubu" İctimai Birliyi tərəfindən keçirilir.
- Turnir "Bakı Sualtı Ovçular Klubu" İctimai Birliyi tərəfindən təyin olunmuş hakimlər kollegiyasına həvalə olunur.
3. Turnirdə iştiraka buraxılma şərtləri və geyim tələbləri:
Hər idmançı uzunluğu minimum 3.90 metr olmaqla 2 ədəd surfkastinq spininqi, inersiyasız baraban (reel) və hər tilovda 3 ədəd qarmaqdan çox olmamaq şərti ilə Turnirə qatıla bilər. Qarmağın ölçüsü eni minimum 1 sm olmalıdır. İdmançılar komanda şəklində yarışacaqlar, hər komanda 2 nəfərdən ibarət olacaq.
İdmançıların geyim forması sərbəstdir.
4. Şikayət və etirazın təmin olunması;
Şikayət yalnız hakimlik səhvi aşkar edildikdə, etiraz isə yarışın keçirilməsi ilə bağlı nöqsanlar olduğu zaman verilir.
Şikayətlər yarışın başa çatmasından 30 dəqiqə sonra protokollaşdırılaraq və videoformatda təqdim edilməlidir.
Şikayətlərə müvafiq komissiyada (nizam-intizam komissiyası) 3 gün ərzində baxılır və şikayət edən şəxsə və ya şəxslərə rəsmi cavab verilir.
Etiraz yarışın başa çatmasından 30 dəqiqə ərzində Reqlamentin müddəalarının pozulması ilə bağlı fəaliyyət və fəaliyyətsizlik faktının aşkar edilməsi zamanı yazılı şəkildə yarışın direktoruna təqdim edilir. Etiraz protokolda (videoformatda təqdim edilməklə) öz əksini tapmalıdır.
Etirazlara müvafiq komissiyada zəruri olduğu halda yarışın direktoru və baş hakimin iştirakı ilə 3 gün ərzində baxılır və etiraz edən şəxsə və ya şəxslərə rəsmi cavab verilir.
Araşdırma tələb olunduğu təqdirdə şikayət və etirazlara baxılma müddəti 1 (bir) aya qədər uzadıla bilər.
Vaxtında təqdim edilməyən, video görüntüsü olmayan və protokollaşdırılmayan şikayət və etirazlara baxılmır.
5. Turnir iştirakçıları
Turnirə 18 yaşdan yuxarı şəxslər qatıla bilər.
6.Turnirin keçirilmə qaydası
Turnir Beynəlxalq Surfkastinq üsulu ilə balıq ovlama və "Bakı Sualtı Ovçular Klubu" İctimai Birliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında keçirilir.
Turnir Beynəlxalq Surfkastinq üsulu ilə balıq ovlama idman növünün qaydaları ilə keçiriləcəkdir.
Tutulan balıqları növlərinə görə ölçülərək, təsdiq edilmiş cədvəl üzrə, faiz nisbəti ilə xalları hesablanacaqdır.
Turnir 2 gün keçiriləcək və qaliblər xal sayma üsulu ilə müəyyən ediləcək.